Mühafizəkarlıq: krallardan hipsterlərə

30.11.2022 01:28

21 baxış



Mühafizəkarlıq: krallardan hipsterlərə

 

Mühafizəkarlıq müasir siyasi ideologiyalardan biridir. Adətən bu ideologiyanı keçmişə köklənmiş, gələcək barədə düşünməyən millətçiliklə eyniləşdirirlər. Həqiqətənmi belədir?

 

Mühafizəkarlıq nədir?

 

Mühafizəkarlıq və ya konservatizm ilk növbədə yad mədəni təsirlərdən qorunmağın və keçmişin daim aktual saxlanılmasının tərəfdarıdır.  Ona görə "adət-ənənə", "əcdadların yolu", "milli irs" kimi ifadələrdən tez-tez istifadə edən mühafizəkarlar siyasi baxışlarında tarixi vərəsəlik məntiqinə söykənirlər. Necə deyərlər, ot öz kökü üstə bitər. Digər tərəfdən, konservatizm rasionallığa, dünyanın əqli idrakına şübhə ilə yanaşır. Yəni insan ağlı reallığın bütün mürəkkəbliyini dərk edə bilməz, ona görə hadisələrin inkişaf vektorunu və gələcəyi də məntiqlə proqnozlaşdırmaq qeyri-ciddi iş hesab olunur. Nəhayət, mühafizəkarlar insanı təbiət etibarı ilə pis varlıq saymasalar da, yaxşı da hesab etmirlər. Ona görə də düşünürlər ki, özünə və başqalarına zərər vurmasın deyə, insan adət-ənənə, qayda-qanun, əxlaqi normalar kimi sosial çərçivələrə salınmalıdır.

Konservatizmin əsas tezislərinin sayını çoxlatmaq olar, amma problem ondadır ki, bu ideologiya mahiyyətcə reaksiya kimi yaranıb və bu gün də hansısa siyasi mövzulara reaksiya kimi mövcuddur. Başqa sözlə, bu ideologiya başqa ideologiyalarla razılaşmamadan doğur, "belə olmalıdır" deyil, "belə olmamalıdır" iddiası üzərində qurulur. Ona görə də siyasi və tarixi gündəm dəyişdikcə, onun da təməlləri dəyişir.



Qısa tarixçə

 

"Qabaq hər şey yaxşı idi" düşüncəsi cəmiyyət mövcud olan ilk günlərdən olub. Amma konservatizm siyasi ideologiya kimi 1789-cu il Fransa inqilabına əks-təsir kimi formalaşıb. Elə o zamanda bu siyasi məfkurənin iki qolu formalaşır: Edmund Börk və Jozef de Mestra konservatizmi. Bastiliya ələ keçirildikdən sonra Börk bildirirdi ki, ictimai düzənin kökündən dəyişilməsi cəmiyyətin geriyə yolunu bağlayır. Deməli, inqilabın yanlış nəticə verdiyi məlum olarsa, əldən verilən köhnə nizam-intizama qayıtmaq da mümkün olmayacaq. Necə deyərlər, it də getdi, ip də. Ona görə keçmişin irsini məhv etmək deyil, qorumaq və inkişaf etdirmək lazımdır. Həm də insanlar inqilab vasitəsilə bütün ictimai normaların alt-üst olduğunu görəndə, onların içindəki nəfsani istəkləri ram edəcək bir qüvvə qalmayacaq.

Jozef de Mestra fikirlərini Börkdan bir neçə il sonra qələmə alır və mühafizəkarlığın alternativ versiyasını təqdim edir. Onun sözlərinə görə, inqilab boş yerdən yaranmır, köhnə düzənin təkamül mərhələsi olaraq ərsəyə gəlir. Ona görə də inqilabla mübarizə aparmaq mənasızdır. Əvəzində, hansı dönəmdə vəziyyətin dəyişdiyini və inqilabın qaçılmaz olduğunu müəyyən etmək gərəkdir. Filosofun qənaətincə, Avropa tarixində həmin dəyişmə nöqtəsi XI-XII əsrlərə təsadüf edir. Həmin əsrlərdə avropalılar xristian dəyərlərini unutmağa başladı və xristian dünyasının vəhdətini pozdular. Məlumat üçün qeyd edək ki, xristinaların vəhdətini papa və imperator, yəni vahid dini və vahid siyasi rəhbər təmin edirdi. De Mestrin yolu mülayim görsənsə də, radikallıqda inqilabçılardan geridə qalmırdı. Sadəcə Fransa inqilabçılarının diqqəti yeni gələcəyin qurulmasına, Mestrin diqqəti isə uzaq keçmişin bərpasına yönəlmişdi. Beləliklə, müasir dillə desək, Börk liberal mühafizəkarlığın, de Mestr isə radikal mühafizəkarlığın əsasını qoydular. Onları birləşdirən bir cəhət var idi: inqilabçıların "vəziyyət bundan daha pis ola bilməz, dəyişiklik lazımdır" məntiqi qarşısında "xeyir, sizin dəyişikliklər vəziyyəti bundan da pis edə bilər" məntiqini qoyması idi.


Proqreslə düşmənçilik?!

Bir çoxları konservatizmi proqresin düşməni kimi təsəvvür edir. Amma bu tam da belə deyil. Mühafizəkarlar cəmiyyətin bütövlükdə deyil, ayrı-ayrı sahələrin müsbət inkişafına inanırlar. Bu anlamda sosialist və ya liberallardan fərqli olaraq proqress ideyası onlar üçün yaddır. Qısaca, hər yenilik mütləq yaxşı olmalıdır deyə bir prinsip tanımırlar. Ona görə də gələcəkdən yalnız yaxşılıq ummaqla, bütün yeniliklərə açıq olmaqla hər şey yaxşı olmayacaq. Mühafizəkarlığın tarixində məntiqsiz görsənə biləcək dövr də olub. Belə ki, XIX-XX əsrlərdə bu ideologiyanın tərəfdarları bir çox yeniliklərə müqavimət göstərmək üçün, illər öncə rədd etdikləri yenilikləri müdafiə edirdilər. Bunu onunla izah edirlər ki, onların keçmişdə şübhə ilə yanaşdığı yeni nəaliyyətlərin cəmiyyətə xeyirli olması zamanla sübuta yetirildi. Bu səbəbdən onları artıq müdafiə etmək gərəkdir. Yəni onlar öz əqidələrinə sadiq qalaraq, faydalılığını göstərmiş nəaliyyətləri mühafizə edirlər. Proqresə birmənalı yanaşmayanlar içində xristian konservatorları da var. Onlar dünyanın zülm içində qərarlaşdığına inanır deyə, hesab edirlər ki, proqres öz axarı ilə gedərsə, cəmiyyət insanın nəfsi istəklərinin ümidinə buraxılar.

Bütün bunlara görə konservatizm opponentləri, xüsusilə liberallar iddia edirlər ki, belə ideologiya ilə cəmiyyət inkişaf edə bilməz. Amma öncə deyildiyi kimi, mühafizəkarlıq inkişafı inkar etmir, əldə olunanları qoruyur. O, sadəcə olaraq, keçmişlə gələcək arasında bağların qırılmasını təhlükəli sayır. Tarixi insanlar qurur, amma onların niyyətində tutduğu nəticə ilə real nəticələr həmişə eyni olmur. Gözləntiyə aldanıb reallığı məhv etmək mühafizəkar üçün anlaşılan deyil.

 

Mühafizəkar millətçidirmi?

Konservatizm çox zaman millətçiliklə səhv salınır. XIX əsrin ilk yarısında Fransa inqilabı təsirindən liberallar millətçi idilər. O zaman millətçilik deyildikdə, dövlətin zümrələr tərəfindən deyil, xalq tərəfindən idarə olunması nəzərdə tutulurdu. Eyni zamanda millətçilik dövlətin feodal əyalətlərə bölünməsinin əleyhinə çıxaraq, mərkəzləşmiş dövlətin qurulmasını tələb edirdilər.  Millətçilik feodalizmə və elitarizmə nisbətən yeni bir anlayış idi. Liberallar millətçi olmaqla monarxların suverinliyinə qarşı xalqın suverenliyini qoyurdular. Təbii ki, köhnə nizamın tərəfdarı olan mühafizəkarlar millətçiliyə düşmənçiliklə yanaşırdılar. Amma vahid Almaniyanın ilk kansleri Otto fon Bismark vəziyyəti dəyişir. O, Alman imperiyasını burjua inqilabı vasitəsilə deyil, Prussiya monarxiyasının ambisiyaları üzərində qurdu. Prussiya elitası digər alman dövlətlərinin elitalarını özünə tabe elətdirdi və vahid dövlət qurdu. Yəni faktiki olaraq mühafizəkarlıq millətçiliyi bir instrument kimi istifadə etməyi bacardı. Zaman keçdikcə artıq XX əsrin əvvəllərində millətçilik liberal və konservatorlarla yanaşı sosialistlər tərəfindən də istifadə olunmağa başladı. XX əsrin ikinci yarısında liberalizm və sosializm birdəfəlik kosmopolit ideologiyaya çevirilir, ümumbəşəri müstəviyə çıxır. Ona görə də millətçilikdən yalnız mühafizəkarlar istifadə edə bildilər.

 


Hər şeyin sonu olduğu kimi...

 

Müasir tədqiqatçılar konservatizm, liberalizm və sosializmi artıq keçmişdə qalmış ideologiyalar hesab edirlər. XXI əsrdə onlar o qədər transformasiyalara məruz qalıblar ki, klassik təsnifatları aparmaq mümkünsüzləşib. Məsələn, Almaniyada ənənəvi olaraq XDİ-XSİ bloku mühafizəkarları, ASDP isə liberalları təmsil edir. Amma XXI əsrdə bu iki əks ideologiya vahid koalisiyaya birləşməyi bacardı. "Sağçı-solçu-mərkəzçi" ittifaqı siyasi mənzərəni alt-üst etdi. Bu gün kimisə hansısa ideologiyaya mənsub etmək olduqca çətindir. Bu ideologiyalar ötən əsrlərdə kütlənin səfərbər edilməsi üçün yaranmışdı, bu gün isə kütləvi siyasət məfhumu itməkdədir artıq. Ona görə də bu və ya digər partiya sələfinin mənsub olduğu ideologiyanı fraqmental şəkildə saxlayıb, bəzən isə bu bağlılıq ümumiyyətlə simvolik xarakter daşıyır.

Mühafizəkarlıq siyasi ideologiya kimi sıradan çıxmaq üzrə olsa da, bir dünyagörüşü kimi aktuallığını saxlayır. Dəyişikliklərin sürətləndiyi, insanların söykənəcək bir dəyər tapmadığı dövrdə konservativ müqavimət dəbə minməkdədir. Məsələn, hipsterlər istehlakçı kultuna etiraz olaraq vintaj əşyalara üstünlük verir, texnologiyaların təbiəti çirkləndirməsinə etiraz olaraq velosiped sürürlər. Elə böyük şəhərlərin hamısında qida sənayesinin məhsulları müqabilində kənd məhsullarına maraq artır, əl işlərinə həvəs kütləviləşir, kiçik piştaxtalar arxasında ticarət yayılır. Bütün bunlar mühafizəkarlığın təzahürləridir. Amma artıq siyasi ideologiya kimi deyil, həyat fəlsəfəsi kimi.

Ən çox oxunanlar